İDMAN
Birinci Avropa Oyunlarında keçiriləcək güləş yarışlarında 480 pəhləvan 24 qızıl medal uğrunda mübarizə aparacaq VİDEO
Oktyabrın 29-da “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində güləş idman növünün təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yeniyetmə güləşçilərin nümunəvi çıxışları təqdim edilib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat veriblər.
Qeyd olunub ki, güləş Azərbaycanın tarixi idman növüdür. Hər il güləşçilərimiz mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar. Birinci Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına arenada keçiriləcək. Qitənin 39 ölkəsindən 480 güləşçi 24 qızıl medal uğrunda mübarizə aparacaqdır.
Sonra cari ildə Özbəkistanda təşkil olunan dünya çempionatı və güləşçilərimizin “London-2012” Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub.
İştirakçılar arasında “Kim güləşçi olmaq istəyir?” yarışı təşkil olunduqdan sonra güləş qaydaları əyani olaraq nümayiş etdirilib və idmanın bu növünün tarixi haqqında məlumat verilib.