İDMAN
Birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü günü maraqlı mübarizələrlə yadda qalıb


















Bakı, 18 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
İyunun 18-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, yarışın üçüncü günündə qarışıq komandaların səngər stendi, kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma üzrə yarışlar keçirilib.
Qarışıq komandaların səngər stendi yarışında Azərbaycanı təmsil edən Elvin İsmayılov və Alina Rafiqxanova təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Qarışıq komanda halında səngər stendi və kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma yarışında 37 idmançı mübarizə aparıb. Bu yarışda Azərbaycan idmançıları iştirak etməyiblər.
Kişilər arasında 50 metr məsafədən uzanaraq tüfənglə atəşaçma yarışının qalibi Almaniya idmançısı Henri Yunqhaene olub. O, qızıl medal uğrunda mübarizədə rəqiblərinə qalib gələrək 208.5 xalla birinciliyi təmin edib. İdmançı, həmçinin “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. İkinci yerə italiyalı De Nikolo Marko, üçüncü yerə isə belaruslu Sergey Martinov çıxıblar.
Qarışıq komandalar arasında səngər stendi yarışlarının yarımfinal mərhələsində 6 komanda - İspaniya, İtaliya, Slovakiya, Fransa, Rusiya və San-Marino mübarizə aparıb. Bu komandalardan Slovakiya və Rusiya komandaları adlarını finala yazdırmağı bacarıb. Gərgin keçən finalda Slovakiya Rusiyanı məğlub edərək qızıl medala sahib olub. Slovakiyanı Erik Varqa və Zuzana Rehak Stefecekova təmsil ediblər.
İkinci yerdə Rusiya, üçüncü yerdə isə San-Marino komandaları qərarlaşıb.
Sonra qaliblər mükafatlandırılıb.
Medalları atletlərə Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və konfederasiyanın baş katibi Aleksandr Ratner təqdim ediblər.