İDMAN
Birinci Avropa Oyunlarının ukraynalı qalibləri: Ümid edirik ki, növbəti çempionatlarda da yolumuz yenə Bakıya düşəcək

Bakı, 18 iyun, C.Rüstəmov, AZƏRTAC
Ukraynanın kişilərdən ibarət oxatma komandasının üzvləri Georgi İvanitski, Viktor Ruban və İvaşko Markiyan Bakıya ilk səfərlərinin yaddaşlarından heç zaman silinməyəcəyini bildiriblər.
Onlar Odlar Yurdunda əldə etdikləri qızıl medalların füsunkar Bakını daim xatırladacağını vurğulayıblar.
İlk Avropa Oyunlarının oxatma üzrə kişilərdən ibarət komanda yarışlarının qalibi olan ukraynalılar sevinc hisslərini AZƏRTAC ilə bölüşüblər.
Üçqat dünya çempionu, ikiqat dünya kuboku laureatı İvaşko Markiyan deyib ki, Azərbaycana ilk dəfədir səfər edirəm. Sevinirəm ki, məhz ilk səfərim xatirəmdən heç zaman silinməyəcək. İlk Avropa Oyunlarının qızıl medalçısı olmaq heç də hər kəsə nəsib olmur. Buna görə özümü xoşbəxt hiss edirəm. Yarışlar çox gözəl təşkil olunub. Digər çempionatlarda adətən yarışlar bir neçə məkanda keçirilir. Bu isə idmançıya həmin yerə öyrəşmək baxımından problemlər yaradır. Ancaq burada biz fərqli mənzərənin şahidi olduq və bunu alqışlayırıq. Həqiqətən də idmançıları düşünərək atılan bu addım, eləcə də Atletlər Kəndində bizə göstərilən diqqət təqdirəlayiqdir. Bütün bunlar ölkənizdə idmana, idmançılara necə yüksək qayğı göstərildiyini sübut edir.
"Uğurumuza sevinirəm. Fərdi yarışlarda da yüksək nəticə qazanacağıma inanıram", - deyən 2004-cü il Olimpiya Oyunlarının medalçısı Viktor Ruban bildirib: "Sizin füsunkar şəhəriniz haqqında da bir neçə kəlmə demək istərdim. Əvvəlcə Azərbaycanı Avropa tarixində ilk Oyunlara yüksək səviyyədə ev sahibliyi etdiyinə görə təbrik edirəm. Açılış mərasimi möhtəşəm idi. Bəlkə də çoxları belə təşkilatçılıq gözləmirdilər. Atletlər Kəndində, yarış məkanlarında idmançılara yaradılan şərait, nəqliyyatın iş mexanizmi, könüllülərin fəaliyyəti, bir sözlə, hər şey çox dəqiq düşünülüb. Bizim uğurumuzda bu amillərin də rolu var. Çünki idmançı özünü rahat hiss etməlidir ki, uğurlu çıxış edə bilsin. Bu amillərin hamısını bir yerdə heç də digər ölkələrdə görmək olmur".
Georgi İvanitski isə qeyd edib: "Sevincliyəm, adımızı ilk Avropa Oyunlarının tarixinə yazdıq. Bu anı yaşamaq heç də hər idmançıya nəsib olmur. Düzdür, külək mane olsa da, biz bu səddi də aşdıq. Azərbaycan xalqı çox qonaqpərvərdir. Hər yerdə diqqət gördük. Mətbəxiniz isə xüsusi vurğulanmalıdır. Ümid edirik ki, növbəti çempionatlarda da yolumuz yenə Bakıya düşəcək".