İQTİSADİYYAT
Birinci Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar İşçi Qrupun iclası keçirilmişdir
Bakı, 13 mart (AZƏRTAC). 2015-ci ildə I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı yol-nəqliyyat kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilmişdir.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İşçi Qrupun rəhbəri nazir müavini Musa Pənahovun sədrliyi ilə keçirilən iclasda Oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində nazirlik üzrə müəyyən edilmiş “Tədbirlər Planı”ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində struktur bölmələri və tabeli qurumlar tərəfindən zəruri tədbirlərin görülməli olduğu diqqətə çatdırılmışdır.
İşçi Qrupun iclasında “Tədbirlər Planı”nın ilkin variantı müzakirə edilmiş, 2013-2015-ci illərdə görüləcək işlərin istiqamətləri müəyyənləşdirilmişdir. Avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı konkret təkliflər verilməsi və martın sonunadək həmin təkliflərin yenidən müzakirəyə çıxarılması qərara alınmışdır.
Avropa Olimpiya Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyində İşçi Qrup yaradılmışdır. İşçi Qrupa Nəqliyyat Nazirliyi Aparatının struktur bölmələrinin, həmçinin nazirliyin tabeli qurumları olan “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azəryolservis” ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir.