İQTİSADİYYAT


Birinci “Brand Award International” beynəlxalq müsabiqəsinin iştirakçılarının qeydiyyatı başlayıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Birinci “Brand Award International” beynəlxalq müsabiqəsinin iştirakçılarının qeydiyyatı başlayıb. Bu müsabiqədə dünyanın müxtəlif ölkələrində keçirilən “Brand Award” milli və regional yarışmalarının qalibləri iştirak edəcəklər.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.

Telman Əliyev qeyd edib ki, Azərbaycanı bu müsabiqədə milli “Brand Award Azerbaijan” yarışmasında qalib gəlmiş 50 brend təmsil edəcək. “Brand Award” müsabiqəsinin keçirilmədiyi ölkələri təmsil edən korporativ brendlərin, həmçinin məhsul və xidmət brendlərinin də beynəlxalq “Brand Award International” müsabiqəsinə qatılmaları mümkündür. Onlar bunu müsabiqənin rəsmi saytında 2021-ci noyabrın 1-nə qədər qeydiyyatdan keçərək edə bilərlər.

“Brand Award International” mükafatı ən tanınan 50 beynəlxalq korporativ brendə, eləcə də məhsul və xidmət brendlərinə təqdim olunacaq. Qalib brendlər müstəqil beynəlxalq platformada keçirilən onlayn səsvermə üsulu ilə müəyyənləşdiriləcək. Səsvermə noyabrın 15-dən dekabrın 10-dək keçiriləcək. Qaliblər dekabrın 17-də “Brand Award International” mükafatının onlayn təqdimetmə mərasimində elan ediləcək.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.