İQTİSADİYYAT


Birinci Gənc Sahibkarlar Forumu keçirilib

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər, ümumilikdə 300-dən çox iştirakçı iştirak edib.

Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunan forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, yaradıcı təşəbbüslər və layihələrin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu qeyd edərək bu sahədə dövlət dəstək mexanizmlərinin gənclər arasında təşviqinə, məşğulluq prosesinə gənclərin aktiv cəlb olunmasına, infrastruktur resurslardan səmərəli istifadəyə, gənclər üçün maliyyə resurslarına əlçatanlığın artırılmasına dair təkliflər səsləndirib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən tədbirlər, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin bilik və bacarıqlarının inkişafı, onların təşəbbüs və layihələrinin dəstəklənməsi istiqamətində görülən işlər, “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin idarə heyətinin sədri Xaliq İldırımzadə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində KOBİA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri O.Məmmədov və Azərbaycan Gənclər Fondunun icraçı direktoru F.Cəfərov imzalayıblar. Eyni zamanda, KOBİA-nın rəhbəri O.Məmmədov və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin idarə heyətinin sədri X.İldırımzadə tərəfindən iki qurumun əməkdaşlığına dair memorandum imzalanıb.

Forum çərçivəsində gənc sahibkarlar biznesin qurulmasına dair öz təcrübələrini bölüşüb, geniş müzakirələr aparılıb, gənc sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.