İDMAN
Birinci MDB Oyunlarında badminton üzrə 5 kateqoriyada yarımfinalçılar müəyyənləşib
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında badminton üzrə 5 kateqoriyada yarımfinalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oğlanların şəxsi yarışında badmintonçumuz Diki Pangestu dörddəbir finalda Özbəkistan təmsilçisi Biloliddin Koçkarboevə 2:0 hesabı ilə qalib gələrək yarıımfinala yüksəlib. Diki yarımfinalda Rusiya təmsilçisi Georgiy Lebedevlə qarşılaşacaq.
Digər badmintonçumuz Məhəmməd Xədafi isə ən güclü dördlüyə vəsiqə uğrunda keçirilən görüşdə Qazaxıstan idmançısı Dmitriy Panarinə 0:2 hesabı ilə uduzub. Aqil Qəbilov dörddəbir finalda Rusiya badmintonçusu Amir Hamidulinə 0:2 hesabı ilə məğlub olub.
Şəxsi kateqoriyada qızların yarışında dörddəbir finalda mübarizə aparan badmintonçumuz Era Maftuha yarımfinala yüksəlib. Təmsilçimiz dörddəbir finalda özbəkistanlı Sevinc Sodikova üzərində 2:0 hesablı qələbə qazanıb. E.Maftuha finala yüksəlmək üçün belaruslu Marina Yanbayevanı mübarizədən kənarlaşdırmalıdır.
Oğlanların qoşa yarışında qrup mərhələsini uğurla adlayan Diki Pangestu-Məhəmməd Xədafi cütü yarımfinalda Amir Hamidulin-Pavel Moniç cütü ilə qarşılaşacaq. Qarışıq-qoşa yarışda pley-offa yüksələn Aqil Qəbilov – Era Maftuha tandemi isə yarımfinalda Pavel Moniç – Regina Qaliaxmetova (Rusiya) ilə üz-üzə gələcək.
Qızların qoşa yarışında Nigar Əliyeva – Həcər Nuriyeva cütü isə mübarizəni qrup mərhələsində dayandırıb.
Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 47 (13 qızıl, 11 gümüş və 23 bürünc) medal var.