CƏMİYYƏT


Birinci Qarabağ müharibəsi veteranı: Birdəfəlik ödəməni ailəmizin sağlamlıq problemlərinə sərf edəcəyəm

Bakı, 3 avqust, AZƏRTAC

İlham Abdullayev Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. O, ötən əsrin 90-cı illərində silaha sarılaraq Qarabağ torpaqlarının təcavüzkarlardan qorunmasında iştirak edib. 1992-ci il sentyabrın 28-də isə ...

“Mənim döyüş yolum əsasən Ağdərə rayonunun kəndləri uğrunda olub. Drambon, Çıldıran kəndlərində erməni yaraqlıları ilə dəfələrlə üz-üzə gəlmişəm. Çıldıran kəndinin yaxınlığında yerləşən fermada isə düşmənlərin mühasirəsinə düşdük. Ağır döyüş nəticəsində itkilərimiz, çoxlu yaralılarımız oldu. Həmin döyüşdə qolumdan ağır yara aldım, qolumun səkkiz damarı qırılmışdı. Həkimlərin səyi ilə qolumu itirməkdən xilas olsam da, indiyədək barmaqlarım işləmir”, - deyə keçmiş döyüşçü 30 il əvvəl baş verən hadisələri AZƏRTAC-ın müxbirinə xatırlayıb.

Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən il dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

Bunu şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı kimi qiymətləndirən İlham Abdullayev deyib: “Artıq həmin fərmanın icrasına başlanılıb. Təbii ki, bu humanist addım həmin kateqoriyaya məxsus olanlar və ümumən cəmiyyət arasında böyük coşqu ilə qarşılanıb. 3-cü qrup müharibə əlili kimi mənim də 4,4 min manat məbləğində vəsait əldə etmək imkanım yaranıb. Nə gizlədim, həmin məbləği əldə etməklə ailəmizdə olan bir sıra sağlamlıq problemlərini yoluna qoymağı düşünürəm. Həyat yoldaşımın səhhətində problemlər var. 14 yaşlı oğlum isə görmə problemləri ilə üzləşib. Onların problemlərinə yüngüllük gətirə bilsəm, bu, mənim üçün böyük rahatlıq olar”,- deyə o, fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.