CƏMİYYƏT
Birinci Türkoloji Qurultayda qaldırılan ortaq məsələlər bu gün də aktuallığını qoruyub saxlayıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixindəki rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, ATMU-nun rektoru, professor Cəfər Cəfərov Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı 2016-cı il 18 fevral tarixli Sərəncamın əhəmiyyətindən və fəaliyyətindən danışıb. Qeyd edib ki, Sərəncamda 90 il əvvəl türkologiyaya dair qəbul olunan qərar və tövsiyələrin araşdırılması sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında türkoloji tədqiqat mərkəzlərindən biri kimi tanınması, türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılmasında əhəmiyyəti və digər məsələlər əksini tapıb. Danılmaz faktdır ki, Bakıda keçirilən Birinci Türkoloji Qurultayda qaldırılan ortaq türk dili, tarixi, ədəbiyyatı, terminologiyası kimi qlobal məsələlər bu gün də aktuallığını qoruyub saxlamaqdadır.
ATMU-nun tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Şəlalə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamil və digər çıxış edənlər 1926-cı il fevralın 26-dan martın 6-nadək Bakıda keçirilən Birinci Türkoloji Qurultayın türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rolunu vurğulayıblar. Qeyd edilib ki, Birinci Türkoloji Qurultayda çox mühüm ortaq məsələlər müzakirə edilib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və digər məsələlər geniş mənada türkoloji baxışın tərkib hissələri kimi təqdim olunub. Eyni zamanda, qurultayda türk xalqlarının inkişafında mühüm rol oynayan bir sıra qərarlar qəbul edilib. Bunların içərisində latın əlifbasına keçidlə bağlı qərarı xüsusi qeyd etmək lazımdır.
“Dəyirmi masa” Birinci Türkoloji Qurultaya həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.