CƏMİYYƏT


Birinci Xəzər İqtisadi Forumunun gündəliyinə ekologiya məsələlərinin daxil edilməsi təklif olunub

Bakı, 12 aprel, AZƏRTAC

Rusiya Ekologiya Cəmiyyətinin rəhbəri Rəşid İsmayılov avqustun 12-də Avazada keçiriləcək Birinci Xəzər İqtisadi Forumunda “Xəzərin yaşıl standartı”nın tətbiq edilməsi mexanizminin yaradılması təşəbbüsünün müzakirə olunmasını təklif edib.

AZƏRTAC ORİENT portalına istinadla xəbər verir ki, “Yaşıl standartlar Mərkəzi” adlı qeyri-kommersiya tərəfdaşlığının təşəbbüsü ilə 2015-ci ildə başlanmış “Xəzərin yaşıl standartı” layihəsi Xəzər dənizini müxtəlif ekoloji fəlakətlərdən qorumağa yönəlib. Layihəyə əsasən, resursqoruyucu və enerji baxımından səmərəli texnologiyaların tətbiq edilməsi, sənaye müəssisələrinin dəniz mühitinə mənfi təsirini minimuma endirəcək ekoloji təmiz materiallardan istifadə olunması nəzərdə tutulur.

“Xəzərin yaşıl standartı” vətəndaşların ətraf mühitin vəziyyəti barədə məlumat almaq hüququna təminat verən ekoloji aşkarlığın təmin edilməsi, “yaşıl” texnologiyalardan istifadəyə üstünlük verilməsi, habelə təbiətin mühafizəsi, ekoloji risklərin qiymətləndirilməsi, məsuliyyətli investisiya fəaliyyəti və digər tədbirlərin təşkilini əhatə edir.

Xəzər dənizinin ekoloji sisteminin müdafiəsi, onun bioloji müxtəlifliyinin qorunması, bioloji resurslardan davamlı və səmərəli istifadə edilməsi, xarici amillərin ətraf mühitə təsirinin kompleks şəkildə qiymətləndirilməsi 2018-ci ilin avqustunda beş Xəzəryanı dövlətin başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyada təsbit olunmuş əsas bəndlərdir.

Mərkəzi Asiyadakı başqa dənizlərdən və çaylardan fərqli olaraq Xəzərdə neft yataqları işlənilir. Ona görə də bu halda ətraf mühitin çirklənməsi, bioloji müxtəlifliyin azalması məsələlərində ikiqat ehtiyatlı olmaq lazımdır. Xəzər dənizinin hüquqi statusuna dair beş ölkə arasında əldə edilmiş saziş son dövrlərdə irəliyə doğru atılmış çox böyük addımdır. Bu sazişdə tərəflərin ekoloji məsuliyyəti də müəyyən edilib. İndi Xəzərdə monitorinq, onun resurslarının vəziyyətinin öyrənilməsi, bu sahədə konkret tədbirlər hazırlanması üzrə təsisatlar yaradılmalıdır.

Mərkəzi Asiya Regional Ekologiya Mərkəzinin direktoru İsgəndər Abdullayev Daşkənddə iqlim dəyişmələrinə həsr edilmiş II Mərkəzi Asiya konfransındakı çıxışında qeyd edib ki, əgər Xəzərdə hər hansı dəyişikliklər baş verərsə, bu, bütövlükdə regiona təsir göstərəcək.

ORİYENT portalı qeyd edir ki, bu səbəbdən, I Xəzər İqtisadi Forumunun gündəliyinə digər mühüm mövzularla bərabər “Xəzərin yaşıl standartı” məsələsinin də daxil olunması əldə edilmiş razılaşmaların həyata keçirilməsi və dənizdə əməkdaşlığın daha da genişləndirilməsi prosesində mühüm tərkib hissə olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.