ELM VƏ TƏHSİL
Birinci qrant müsabiqəsinin qalibi olmuş layihənin icrasına başlanılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Gəzək, görək, öyrənək...” layihəsinin seçim turlarına başlanılıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi şagirdlərin elmi və məlumatlılıq səviyyəsini artırmaq üçün qeyri-standart dərslərin təşkili yolu ilə maraqlı və səmərəli öyrənmənin təmin edilməsi, məktəblilərdə elmi araşdırmalar üzrə ilkin vərdişlərin, qazandıqları biliklər haqqında layihə hazırlayıb, təqdimetmə bacarıqlarının formalaşdırılmasıdır.
Hazırda seçim turu Göygöl şəhərindəki yeddi məktəbin müvafiq fənlər üzrə nailiyyətləri ilə fərqlənən VIII-IX sinif şagirdləri arasında aparılır. Seçimlər iki mərhələdə həyata keçirilir. Seçim mərhələlərində test tapşırıqlarında lazımi şərtləri yerinə yetirən şagirdlər layihə iştirakçısı olmaq hüququnu qazanacaqlar. Layihə çərçivəsində şagirdlərə peşəkar araşdırma, məlumattoplama, təqdimathazırlama və təqdimetmə barədə qısamüddətli təlimlər keçiriləcək. Belə ki, şagirdlərə səfər üçün nəzərdə tutulan məkanların araşdırılması barədə tapşırıq veriləcək və onların ilkin təqdimatları toplanacaq. Sonda isə müəyyənləşdirilmiş ekskursiyalar həyata keçiriləcək. Araşdırma üçün gediləcək yerlər komanda üzvləri tərəfindən əvvəlcədən razılaşdırılacaq.
Layihənin icra müddəti iki aydır. Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə keçirilmiş ilk seçim turunda 70 şagird iştirak edib.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif edilmiş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü , ümumilikdə isə 120 layihə qalib elan olunub.