İQTİSADİYYAT


Birinci rübdə “Azəri-Çıraq-Günəşli”də hasilat 52 milyon barrel olub

Bakı, 13 may, AZƏRTAC

Yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 52 milyon barrel, yəni 7 milyon ton təşkil edib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən ümumi hasilat – “Çıraq” (43 min), “Mərkəzi Azəri” (146 min), “Qərbi Azəri” (128 min), “Şərqi Azəri” (100 min), “Dərinsulu Günəşli” (96 min) və “Qərbi Çıraq” (58 min) platformalarından birlikdə gündəlik orta hesabla 571 min barrel olub.

Rübün sonuna AÇG-də ümumilikdə 119 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 4 neft hasilat quyusu qazılıb.

Üç ayda AÇG layihəsinə təqribən 138 milyon dollar əməliyyat və 279 milyon dollar isə əsaslı məsrəflər xərclənib.

Bu ilin aprelində AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verilib. Altı milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barrelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barrelədək neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə olunacağı planlaşdırılır.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.