İQTİSADİYYAT
Birinci rübdə “Bahar” və “Qum-dəniz” yataqlarında gündəlik hasilat 4,3 min barrel neft ekvivalenti olub
Bakı, 27 may, Nihad Budaqov, AZƏRTAC
Cari ilin ilk rübündə Xəzərin Azərbaycan sektorundakı “Bahar” və “Qum-dəniz” yataqlarından gündəlik hasilat 865 barrel neft, 20,7 milyon kubfut qaz, yaxud da 4 min 309 barrel neft ekvivalenti təşkil edib.
AZƏRTAC “Greenfields Petroleum Corporation” şirkətinə istinadla xəbər verir ki, hesabat dövründə “Bahar Energy Ltd.” şirkətinin satış həcmləri xam neft üçün gündəlik orta hesabla 709 barrel və təbii qaz üçün 17,296 milyon kubfut olmaqla, gündəlik 3 min 591 barrel neft ekvivalenti olub. Keçən ilin eyni rübü ilə müqayisədə neft üçün satış həcmləri 20 faiz azalıb, qaz 27 faiz, ümumilikdə neft ekvivalenti ilə isə 14 faiz artıb.
“Bahar Energy” öz neftinin bir barrelini orta hesabla 48,20 dollara satıb. Ötən ilin analoji dövründə isə neftin qiyməti 30,84 dollar/barrel olub.
Hesabat dövründə “Qum dəniz” neft yatağında 5 əsaslı, 10 isə xidməti təmir işləri aparılıb. “Bahar” qaz yatağında isə bir quyuda əsaslı təmir işləri tamamlanıb. “Bahar-83” quyusu ilkin olaraq gündəlik 2,2 milyon kubfut hasilat göstəricisi ilə istismara daxil edilib. Daha iki qaz quyusunda təmirə başlanıb və bu ilin ikinci rübündə tamamlanacaq.
Qeyd edək ki, “Greenfields Petroleum Corporation” hər iki yataq üzrə builki əsaslı xərclərinin 21 milyon dollar, əməliyyat xərclərinin isə 28 milyon dollar olacağını nəzərdə tutur. Xərclərin böyük hissəsi “Bahar” yatağında 13, “Qum-dəniz” yatağında isə 20 quyuya yönəldiləcək. Builki xərclərə “Bahar” yatağında 5, “Qum-dəniz” yatağında 2 özülün təmiri ilə bağlı məsrəflər daxildir.