REGİONLAR
Birinci rübdə Beyləqanda 78,6 milyon manat dəyərində məhsul buraxılışı qeydə alınıb
Beyləqan, 17 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu ilin birinci rübündə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 78,6 milyon manat olub. 23,9 milyon manatlıq sənaye, 18,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 21,8 milyon manatlıq tikinti işləri həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Beyləqan rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində bildirilib ki, ilin birinci rübü beyləqanlılar üçün Prezident İlham Əliyevin fevralın 13-də rayona səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər çərçivəsində dövlət başçısı Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, 10/35/10 kV-luq “Beyləqan-1” yarımstansiyasının açılışında iştirak edib, rayon ərazisində yeni inşa edilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısı Beyləqan şəhərində yerləşən Mədəniyyət və İstirahət parkında rayon sakinləri ilə görüşüb, onların həyat şəraiti ilə maraqlanaraq müvafiq tapşırıqlar verib.
Yığıncaqda bildirilib ki, birinci rübdə rayonda tikinti-abadlıq işləri davam etdirilib. Bu dövrdə Beyləqan şəhərinin küçələrinə yeni asfalt örtüyü salınıb. Küçələrdə, həmçinin Heydər Əliyev parkında və prospektində geniş abadlıq işləri aparılıb, 11 minə yaxın ağac və gül kolu əkilib. Rayonun Gödəklər və Əhmədli kəndlərində 96 yerlik modul tipli məktəb binalarının inşası başa çatdırılaraq istifadəyə verilib, Aşıqalılar kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinə başlanılıb.
Aqrar sahədən bəhs edilərkən qeyd olunub ki, hesabat dövründə 369 hektar şəkər çuğunduru, 303 hektar kartof, 840 hektar tərəvəz, 83 hektar bostan bitkiləri əkilib. Pambıqçılıqla məşğul olan fermerlər çiyid səpinini də başa çatdırıblar. 9706,1 hektarda çiyid səpini həyata keçirilib. İribuynuzlu heyvanların baş sayı 58 min 926-ya, qoyun və keçilərin sayı isə 301 min 976 başa çatıb, 2495 ton ət, 11 min 86 ton süd, 5649 min ədəd yumurta istehsal edilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən də bəhs edilib. Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev yığıncaqda çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafdan, əldə olunan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıb.