REGİONLAR
Birinci rübdə Şəkidə heyvan sahiblərinə 80 min manatdan çox subsidiya ödənilib
Şəki, 19 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin birinci rübündə Şəki rayonunda 1800 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 baş çoxdur. Həmin müddətdə təsərrüfatlarda süni mayalama yolu ilə 972 baş buzov alınıb. Birinci rübdə Şəki rayonu üzrə 639 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 804 baş cinsi yaxşılaşdırılmış buzova görə 80 min 400 manat subsidiya ödənilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Bu günədək məhsul istehsalçıları tərəfindən rayona dövlətin güzəştli şərtləri ilə satılan 384 baş damazlıq düyə alınıb gətirilib. Bu işin gələcəkdə də davam etdiriləcəyini vurğulayan sektor müdiri deyib: “Şübhəsiz ki, hər il rayona gətirilən az sayda damazlıq düyələr hesabına təsərrüfatlarda mövcud olan 71 min başa yaxın mal-qaranın cins tərkibini qısa müddətdə yaxşılaşdırmaq mümkün olmayacaq. Ona görə də son vaxtlar fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalama tədbirlərinə üstünlük verirlər. Süni yolla mayalandırılan heyvanların sayı ildən-ilə artır”.
Nazim Rəcəbov bildirib ki, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının icrası olaraq, son 3 ildə Şəki rayonu üzrə 3728 heyvan sahibinə süni mayalama yolu ilə alınan 4620 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 462 min manat subsidiya ödənilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına da müsbət təsir göstərir. Belə ki, cari ilin ilk üç ayında Şəki rayonunda ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 109 ton, süd istehsalı isə 230 ton artıb.