İQTİSADİYYAT


Birinci rübdə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat olub

Bakı, 13 aprel, AZƏRTAC

2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat, xərcləri 5 milyard 629,5 milyon manat olub, 1 milyard 380,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 9,6 milyon manat və ya rüblük proqnoza qarşı 417,7 milyon manat (6,3 faiz) çox icra olunub. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 273,2 milyon manat və ya 22,2 faiz çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 538,9 milyon manat və ya 23,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 716,5 milyon manat və ya 34,4 faiz çoxdur. Həmin vəsaitin 80,1 faizi və yaxud 2 milyard 244,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 737,7 milyon manat və ya 49 faiz çox olub. 2022-ci ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 232 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 236 milyon manat və ya 23,7 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 288,4 milyon manat və ya 30,6 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 165,1 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 50,1 milyon manat və ya 43,6 faiz çoxdur. Sair daxilolmalar üzrə dövlət büdcəsinə 53,3 milyon manat vəsait daxil olub. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 3 milyard 180 milyon manat məbləğində transfertə qarşı 2 milyard 757 milyon manat məbləğində transfert köçürülüb.

Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə edilən müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 423 milyon manat və ya 13,3 faiz az istifadə olunmasına imkan verib. Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 903,5 milyon manatdan 476,6 milyon manat artıq olmaqla 1 milyard 380,1 milyon manat təşkil edib.

2022-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 milyard 688,3 milyon manat proqnoza qarşı 5 milyard 629,5 milyon manat və ya 99 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 105,8 milyon manat və ya 1,9 faiz çoxdur. 2022-ci ilin 1-ci rübündə dövlət büdcəsi xərclərinin 4 milyard 186,5 milyon manatı və ya 74,4 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 166,1 milyon manat və ya 4,1 faiz çox), 1 milyard 94,2 milyon manatı və ya 19,4 faizi əsaslı xərclərə, 348,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 48,7 milyon manat və ya 12,3 faiz az) yönəldilib. Cari ilin 1-cü rübündə sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 49,3 faizini (2021-ci illə müqayisədə 1,3 faiz-bənd çox) təşkil etməklə 2 milyard 774 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 122,4 milyon manat və ya 4,6 faiz çoxdur. Cari ilin 1-ci rübündə dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.

2022-ci ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 7 milyard 960,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 991,5 milyon manat və ya 14,2 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 6 milyard 309,1 milyon manat icra edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 387,8 milyon manat və ya 6,5 faiz çoxdur. İcmal büdcədə 1 milyard 651,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.