İQTİSADİYYAT


Birinci rübdə ölkədə 10 minədək elektron imza sertifikatı istifadəyə verilib

Bakı, 22 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı növbəti statistik göstəriciləri açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən bu il aprelin 1-dək ümumilikdə 176 min 724 elektron imza sertifikatı istifadəyə verilib. Onlardan 98 min 44-ü dövlət qurumları, 43 min 480-i hüquqi şəxslər, 35 min 200-ü fiziki şəxslər tərəfindən əldə olunub.

Cari ilin ilk rübündə isə istifadəyə verilən e-imza sertifikatlarının sayı 9 min 832 təşkil edib. Bu sertifikatlardan 6 min 776-sı dövlət qurumlarının, 1920-si hüquqi şəxslərin, 1136-sı fiziki şəxslərin payına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 3 min 474 olub. Belə ki, bu ilin martında dövlət qurumlarına 2 min 792, hüquqi şəxslərə 436, fiziki şəxslərə isə 246 e-imza sertifikatı verilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Bu günə qədər dövlət qurumları tərəfindən 35 milyon 931 min 171, hüquqi və fiziki şəxslər tərəfindən 10 milyon 214 min 657 olmaqla ümumilikdə 46 milyon 145 min 828 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Cari ilin birinci rübündə isə aparılan əməliyyatların ümumi sayı 822 min 446 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 598 min 250, hüquqi və fiziki şəxslərin payına isə toplam 224 min 196 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.