Birinci sinfə qəbul - tədrisin digər dildə aparıldığı bölmələr üzrə müsahibələr keçirilir
AzerTAg.az
Bakı, 18 may, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsahibə üçün müraciət edən vətəndaşların övladları “Şəxsi kabinet”lərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.
Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər. Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 11 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.
Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri müsahibə komissiyalarının işini müşahidə edir və prosesin gedişatını izləyirlər.
Qeyd edək ki, müsahibə üçün qeydiyyatın mayın 31-də saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr iyunun 9-dək davam edəcək.





Xəbərin mətnində orfoqrafik səhv var