CƏMİYYƏT


Birincili sonsuzluqdan əziyyət çəkən qadın analıq sevincini yaşayıb

Bakı, 23 yanvar, AZƏRTAC 

Üç ildir birincili sonsuzluqdan əziyyət çəkən iyirmi doqquz yaşlı qadın Azərbaycan Tibb Universitetinə (ATU) müraciət edib. Universitetin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin sayəsində qadın analıq sevincini yaşayıb.

Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qadını klinikanın I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi, mama-ginekoloq və endokrinoloq Natəvan Axundova müayinə edib. Aparılan laborator-instrumental müayinələr zamanı qadında böyrəküstü vəzi mənşəli androgenlərin, prolaktinin, tireostimuləedici hormonun səviyyəsinin yüksək olduğu, D vitaminin ciddi çatışmazlığı, ultrasəs müayinədə endometriumun polipi, sol yumurtalığın endometrioid sisti aşkarlanıb. Yumurtalıqda aparılan əməliyyatın onun rezerv imkanlarını azalda biləcəyini nəzərə alaraq qanda antimüller hormon da təyin edilib və bu göstərici 0,1-ə bərabər olub. Alınan nəticələrə uyğun qadına təyinat verilib və dörd ay sonra o ovulyasiya induksiya olunmadan spontan (özbaşına) hamilə qalıb. Hamiləlik zamanı qadın hipotireoz, düşük və vaxtından əvvəl doğuş təhlükələri, o cümlədən preeklampsiya, simptomsuz bakteriyauriyaya görə müalicə alıb. Hamiləlik qeysəriyyə kəsiyi əməliyyatı ilə çəkisi 3 kiloqram 320 qram, boyu 52 santimetr olan körpənin doğulması ilə nəticələnib. Ana və körpə artıq evə yazılıblar.

Qeyd edək ki, ATU-ya müraciət etməzdən əvvəl qadında laparoskopik yolla sağtərəfli ovariektomiyası (sağ yumurtalığın çıxarılması), sol yumurtalığın rezeksiyası (hissəvi kəsilməsi) əməliyyatı icra olunub. Buna səbəb hər iki yumurtalığın endometrioması olub və cərrahi müdaxilə qadın ailə qurandan üç ay sonra həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.