DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri regionda rezidentlik üçün ən yaxşı ölkədir
Abu-Dabi, 21 noyabr, AZƏRTAC
“Arabian Business” nəşri “Global Residence and Citizenship Programsın (GRCP) 2017-2018” tədqiqatına istinadən bildirir ki, “Henley & Partners” beynəlxalq şirkəti Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) cari ildə Yaxın Şərq və Şimali Afrika regionu üzrə rezidentlik proqramına görə lider ölkə hesab edib.
AZƏRTAC xəbər verir ki, həmin hesabatda BƏƏ-nin artıq üç ildir ardıcıl olaraq reytinqdə öz mövqelərini möhkəmlətməsi qeyd olunub. Lakin 2018-ci il yanvarın 1-dən tətbiq ediləcək əlavə dəyər vergisi bu göstəriciyə təsir edə bilər.
Nəşr yazır ki, rezidentliyə aid 20 proqramın təhlil olunduğu qlobal reytinqdə Əmirliklər 11-ci yeri tutub. Bununla da, ötən illə müqayisədə ölkə cədvəldə iki pillə yuxarı qalxıb.
Hesabatda xüsusilə qeyd olunur ki, Ərəb Əmirlikləri rezidentlər üçün yüksəkkeyfiyyətli həyat və təhlükəsizlik təqdim edirlər və bu ölkə Yaxın Şərqin bütün bazarlarına birbaşa daxil olmağa imkan verən biznes fəaliyyəti üçün çox gözəl məkandır.
Ekspertlərin rəyinə görə, imkanlı şəxslərin ikinci ev almaq arzusu təkcə həyat keyfiyyətini artırmaqla şərtlənməyib. Bu, həm də vergi ödəmələrini azaltmaq, sərfəli sərmayə qoymaq, daha çox səyahət etmək və ya yeni biznes imkanları açmaq istəyi ilə bağlıdır.
Portuqaliya proqramı dünyada ən yaxşı rezidentlik proqramı sayılır. Sonrakı yerləri Avstriya və Belçika proqramları tutur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi