SİYASƏT
Birləşmiş Ərəb Əmirlikləri səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır
Bakı, 14 avqust, AZƏRTAC
Avqustun 14-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizəki səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ilə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm, humanitar və sair sahələrdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub.
Səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi Xarici İşlər naziri təyin olunması ilə əlaqədar Ceyhun Bayramova səmimi təbriklərini çatdırıb. Azərbaycanda diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzu edib.