Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan” Cəmiyyəti Dubay hökumətinin nümayəndələrini Qanlı Yanvar faciəsi barədə məlumatlandırmışdır
AzerTAg.az
Bakı, 26 yanvar (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay əmirliyinin milli, xeyriyyəçilik və dini işlər üzrə nazirin müşaviri və Beynəlxalq İslam İnstitutları idarəsinin rəisi Abdullah Yusif Əl-Əli ilə görüşmüşdür.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, S.İmanov görüşdə 22 il əvvəl SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycanda törədilmiş 20 Yanvar faciəsi ilə bağlı məlumat vermiş, həmin hadisələrin xalqımıza qarşı terror aktının olduğunu bildirmişdir.
Cəmiyyətin sədri Qara Yanvarın Azərbaycanın tarixində hüzn günü olmaqla yanaşı xalqımızın qürur, şərəf günü olduğunu vurğulamışdır. S.İmanov həmin qanlı hadisələrin Azərbaycanın dövlət müstəqilliyinin bərpasındakı əhəmiyyətindən də danışmışdır. O, 20 Yanvar hadisələrinin səhəri günü ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini və bu qanlı hadisənin təşkilatçılarını ittiham etdiyini, bu faciədə əli olan hər kəsin qanun qarşısında cavab verəcəklərini bəyan etdiyini vurğulamışdır. S.İmanov Qanlı Yanvar hadisələrinə siyasi qiymətin Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilmiş iclasında verildiyini bildirmiş, həmin qərara əsasən hər il 20 Yanvarın ümumxalq hüzn günü kimi qeyd olunduğunu demişdir.
Cəmiyyətin sədri keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və bunun nəticəsi olaraq torpaqlarımızın 20 faizinin işğal edildiyini bildirmiş və Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını vurğulamışdır. S.İmanov Dubay əmirliyinin Milli, Xeyriyyəçilik və Dini İşlər üzrə Nazirliyinə 20 Yanvar faciəsi, erməni terrorçuluğu, Azərbaycan mədəniyyəti və tarixinə dair kitablar təqdim etmişdir.
A.Y.Əl-Əli S.İmanova ətraflı məlumata və təqdim olunan kitablara görə təşəkkürünü bildirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Yaxın Şərq ölkələrində lazımi səviyyədə təbliğatın aparılmamasından təəssüfləndiyini qeyd etmişdir. A.Y.Əl-Əli “Azərbaycan” Cəmiyyətinin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirmiş, ədalətin tezliklə bərqərar olunacağına ümidvar olduğunu demişdir.
S.İmanov Dubay Mərkəzi Kitabxanasının rəhbərliyi ilə də görüşmüşdür. Görüşdə cəmiyyətin sədri 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, kitabxanaya Qanlı Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və Azərbaycanın zəngin tarixi, mədəni irsindən bəhs edən 100-dək kitab hədiyyə etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var