MƏDƏNİYYƏT
Birləşmiş Ərəb Əmirliklərində VI Dubay Qastronomiya Festivalı keçiriləcək
Bakı, 25 yanvar, Emil Eyyubov, AZƏRTAC
Fevralın 21-dən martın 9-dək Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) VI Dubay Qastronomiya Festivalı (DFF) keçiriləcək. Festival təkcə regionda deyil, həm də beynəlxalq arenada qastronomik paytaxt qismində şəhərin statusunu növbəti dəfə təsdiqləyəcək.
Ləziz təam həvəskarlarını festivalda bir çox ölkələrin mətbəxləri ilə tanışlıq gözləyir: burada 200-dən çox milli mətbəx ənənələri, o cümlədən BƏƏ-nin yerli mətbəxi də təqdim ediləcək.
Dubayın Festivallar və Pərakəndə Satış İdarəsi Departamenti (DFRE) tərəfindən təşkil edilən VI Dubay Qastronomiya Festivalı öz ziyarətçiləri üçün 17 günlük zəngin proqram hazırlayıb. Qonaqlar təkcə restoranların yüksək səviyyəli mətbəxini deyil, həm də yalnız yerli sakinlərə tanış olan sirli qəlyanaltıları dəyərləndirə biləcəklər. Kulinar mərasiminin əsas hadisələri sırasına Dubayda Restoran Həftəsi (“Dubai Restaurant Week”), “Beach Canteen” çimərlik meydançasında tədbir və “Sirli incilər” (“Hidden Gems”) turu daxildir. Ziyarətçiləri tanınmış aşpazlarla ustad dərsləri, restoranlarda, ticarət mərkəzlərində və hipermarketlərdə xüsusi tədbirlər və aksiyalar gözləyir.
Bu hadisə ailəliklə bir yerə toplaşmağa, dostlarla görüşməyə və Əmirliyin qastronomiya xəritəsinin zənginliyini dəyərləndirməyə gözəl fürsətdir.
Festival çərçivəsində keçiriləcək tədbirlər barədə daha geniş məlumatı http://www.dubaifoodfestival.com/ saytından, həmçinin sosial şəbəkələrdə @DubaiFoodFest və #DubaiFoodFest həştəqi vasitəsilə almaq mümkündür.