DÜNYA


Birləşmiş Ərəb Əmirliklərində bütün avtomobillər təcili çağırış sistemi ilə təchiz ediləcək

Abu-Dabi, 10 oktyabr, AZƏRTAC

Gələn ilin ortalarından başlayaraq Birləşmiş Ərəb Əmirliklərinin ərazisinə daxil olan bütün növ nəqliyyat vasitələri təcili çağırış sistemi ilə təchiz olunacaq. Yerli KİV-lər Telekommunikasiya Tənzimləmə İdarəsinin məlumatına istinadla bildirirlər ki, bu sistem bədbəxt hadisə barədə polisə və təcili yardıma avtomatik olaraq xəbər verəcək.

AZƏRTAC xəbər verir ki, bütün növ yeni nəqliyyat vasitələri çip və SİM-kartla təchiz ediləcək. Zərbə baş verən an həmin çip qəza xidmətlərinə hadisə barədə xəbərdarlıq göndərəcək. Bildiriş mexanizmi qəzanın baş verdiyi yer və sürücünün şəxsiyyəti barədə dəqiq məlumatları da çatdıracaq.

Qeyd olunur ki, Dubay polisi tərəfindən işə salınan bu sistem bütün yeni avtomobillərdə məcburi qaydada yerləşdiriləcək və fövqəladə vəziyyətlərə reaksiya müddətini azaltmağa kömək olacaq. Bu, ciddi yol-nəqliyyat hadisələri zamanı insan həyatını xilas etməyin mühüm amillərindən biridir. Yeni təcili çağırış sisteminə köhnə avtomobillərin sahibləri də qoşula bilərlər.

Hazırda Dubayda qəzalara reaksiya müddəti təxminən 12 dəqiqəyə bərabərdir. Yeni bildiriş sistemi bütün ölkədə tətbiq ediləcək və bu sistemin quraşdırılması üçün avtomobil sahibi tərəfindən heç bir ödəmə tələb olunmur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.