SİYASƏT
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Ermənistanın işğalçı siyasətinə etiraz edirlər
Bakı, 5 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı icması işğalçı Ermənistanın son hərbi təxribatları ilə bağlı yerli və xarici təşkilatlara, eləcə də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıb.
Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas, tədqiqatçı alim Şəhrizad Süleyman AZƏRTAC-a bildirib ki, bəyanatda Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsinə, sərhəd boyunca yerləşən hərbi obyektləri və yaşayış məntəqələrini artilleriya zərbələrinə məruz qoymasına, hərbçilərimiz və mülki əhali arasında ölüm və yaralanma hallarının baş verməsinə etiraz edilib. Ölkəmizin beynəlxalq miqyasda siyasi və iqtisadi uğurlarını həzm edə bilməyən işğalçı Ermənistan dövlətinin Cenevrə Konvensiyasının qaydalarını, beynəlxalq hüququn normalarını kobudcasına pozduğu və vandalizm aktlarını davam etdirdiyi vurğulanıb. Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası, bölgədə sülhün bərqərar olması naminə dünya birliyindən qətiyyətli addımlar atılması tələb edilib.
Bundan başqa, BƏƏ-nin yerli mətbuat orqanlarında – "Al-Fajr” qəzetində, “Sharjah24”, “Mebusiness.ae”, “Uae_barq” kimi internet portallarında Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti, beynəlxalq hüquq normalarına və prinsiplərinə zidd əməlləri, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olması ilə bağlı müxtəlif məqalələr dərc edilib.