DÜNYA
Birləşmiş Ərəb Əmirliklərinin ilk balerinası Dubayda Böyük Teatrın ulduzları ilə birgə çıxış edəcək
Əbu-Dabi, 19 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk balerinası Alia Al Neyadi Əbu-Dabidə “Emirates Palace”ın səhnəsində Böyük Teatrın solistləri ilə birgə çıxış edəcək.
AZƏRTAC Əmirliklərin KİV-lərinə istinadla xəbər verir ki, balet ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri şeyx Abdulla bin Zayed Al Nəhyanın himayəsi ilə səhnəyə qoyulur. Təşkilatçılar Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti və “FLASH Entertainment” şirkətidir.
Böyük Teatrın solistləri İvan Vasilyev və Mariya Vinoqradova ilə yanaşı, “Korsar” baletinin quruluşunda 40 rəqqas iştirak edir. Üçpərdəli baletdə dəniz qulduru Konradla əsir qadın Medoranın hekayətindən danışılır. Balet artistləri dəniz quldurları barədə kütləvi romantik, macəra səhnələrini və Corc Bayronun poeması əsasında tamaşaya qoyulan klassik baleti canlandıracaqlar.
Premyera aprelin 20-də keçiriləcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi