DÜNYA
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır
Bakı, 12 sentyabr, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 254 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 632 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı bir ədəd azalaraq 180 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 553 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da bir ədəd geriləyərək 71 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 82 ədəd azalıb. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.