DÜNYA
Birləşmiş Ştatların gündəlik neft hasilatı 11 milyon barrelə yüksəlib
Bakı, 19 iyul, AZƏRTAC
ABŞ-ın sutkalıq neft istehsalı yenidən rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 50 min barrel artaraq gündəlik 11 milyon barrelə yüksəlib. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalının artmasında əsas payı son həftələrdə olduğu kimi yenə də Alyaska ştatı tutub. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 27 həftənin 25-də artım göstərib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,6 milyon barrel artaraq gündəlik 9,07 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 566 min barrel azalaraq sutkada 1,46 milyon barrel olub.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.
EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.