DÜNYA
Birləşmiş Ştatların gündəlik neft hasilatı artır
Bakı, 1 aprel, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft istehsalı artıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 90 min barrel artaraq sutkada orta hesabla 11,54 milyon barrel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 523 min barrel artaraq sutkalıq 6,14 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 693 min barrel çoxalaraq gündəlik 3,17 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,1 milyon barrel, gələn il isə 12 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barrel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.