DÜNYA
Birləşmiş Ştatların neft istehsalı rekord göstəriciyə yüksəlib
Bakı, 18 yanvar, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft hasilatında yeni rekord qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 97 min barrel artaraq gündəlik orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Keçən həftə neft hasilatı Alyaska ştatında 3 min barrel azalıb, digər ştatlarda isə 100 min barrel çoxalıb.
ABŞ-ın sutkalıq neft istehsalı ötən ilin noyabrında isə 12,9 milyon barrel olmuşdu.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 13,3 milyon barrelə çatacaq.