DÜNYA
Birləşmiş Ştatların sutkalıq neft istehsalı artır
Bakı, 2 may, AZƏRTAC
ABŞ-ın gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 100 min barrel artaraq sutkada 12,2 milyon barrel səviyyəsinə çatıb. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib. Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında dəyişməyib, digər ştatlarda isə 100 min barrel artıb.
Ölkədə gündəlik neftin istehsalı yanvarda 11,9 milyon barrelə, fevralda 12 milyon barrelə, martda 12,2 milyon barrelə, apreldə isə 12,3 milyon barrelə yüksəlib.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 265 min barrel artaraq gündəlik 7,41 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 70 min barrel azalaraq sutkada 2,61 milyon barrel olub.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,1 milyon barrel təşkil edəcək.