CƏMİYYƏT
“Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı olub
Bakı, 1 avqust, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatının Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxı rayonunda həyata keçirdiyi “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin açılışı olub.
Gənclər Fondundan AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Şamaxı rayonundakı Şəhidlər xiyabanını ziyarət edən düşərgə iştirakçılarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə milli birliyimizdən, gənclərin bu qələbədə böyük rolundan, ön və arxa cəbhədə, informasiya müharibəsində gənclərin fəallığından, yüksək vətənpərvərlik hissindən söz açıblar. Bildirilib ki, post-münaqişə dönəmində də Azərbaycanın haqlı mövqeyinin, işğalın fəsadlarının dünya ictimaiyyətinə çatdırılmasında, Qarabağın dirçəlişində və böyük qayıdış prosesində cəmiyyətin və dövlətin gənclərdən gözləntiləri böyükdür.
Düşərgənin keçirilməsində məqsəd Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində mümkün olan böyük qayıdış və Qarabağda dirçəliş proseslərinə töhfə vermək istəyən gənclər arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaqdır. Həmçinin gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, müxtəlif təlim və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etmək də layihənin hədəflərindəndir.
“BirliyimİZ” devizi altında yeddi gün davam edəcək düşərgəyə “Zəfər”, “Dəmir yumruq”, “Bayraqdar”, “Xarıbülbül” və “Qayıdış” adlı komandaların tərkibində 80 nəfər qarabağlı gənc qatılıb. Düşərgədə gənclərin Vətən müharibəsinin iştirakçıları və rəsmilərlə görüşləri, komandalar üçün şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, Qarabağ bölgəsinə aid mədəniyyət axşamları və müxtəlif əyləncəli proqramlar nəzərdə tutulub.