CƏMİYYƏT
“Birlikdəyik” layihəsi çərçivəsində tibb işçilərinə dəstək
Bakı, 3 iyul, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) tibbi ləvazimatlar təhvil verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sosial təşəbbüs çərçivəsində ölkəmizdə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə istiqamətində karantin rejimində fəaliyyət göstərən min nəfər tibb personalının istifadəsi üçün nəzərdə tutulan ləvazimatlara min ədəd qoruyucu eynək, 1000 ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir.
Müvafiq tibbi ləvazimatların təhvili məqsədilə agentlik, “ASAN Könüllüləri” Təşkilatı, TƏBİB və “Coca-Cola” şirkətinin nümayəndələrinin iştirakı ilə “Yeni klinika” tibb müəssisəsində görüş təşkil olunub.
Hazırda 4 istiqamət üzrə həyata keçirilən “Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.
Artıq bir aydır ki, layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılmasına başlanılıb.
İkinci mərhələ olan antiseptik vasitələrlə vətəndaşların təmin olunması işi hazırda həyata keçirilir.
Üçüncü istiqamət olaraq sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi üzrə məlumatlar təqdim olunur.
Sonuncu olaraq isə karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunur.
Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün “Coca-Cola” ilə əməkdaşlığın davamıdır. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri “Coca-Cola” Azərbaycanın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120 min ədəd su məhsulunun çatdırılmasını təşkil ediblər.