QAN YADDAŞI


Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Bişkek, 18 yanvar, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Qırğızıstan parlamentinin - Joqorku Keneşin Azərbaycanla dostluq qrupunun rəhbəri Tazabek İkramov, hökumət təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, ictimai-siyasi xadimlər, rektorlar, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəl qonaqlar səfirliyin foyesində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini, 20 Yanvar faciəsini əks etdirən fotosərgi və kitablarla tanış olublar, iştirakçılara məlumatlar toplusu təqdim edilib. Sonra CBC televiziya kanalının rus dilində çəkdiyi “Qara Yanvar” sənədli filmi göstərilib.

Tədbirdə 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Bişkekdəki Azərbaycan məscidinin axundu Qurandan ayələr oxuyub.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Qanlı Yanvar faciəsinin təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən vandallıq nümunəsi olduğunu tutarlı dəlillərlə mərasim iştirakçılarının diqqətinə çatdırıb. Səfir bildirib ki, həmin gecə sovet ordu hissələrinin, daxili qoşunların və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 134 insan qətlə yetirilib, 744 adam yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib.

Səfir ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək qətliamı törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini vurğulayıb.

Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı qırğın, eyni zamanda, qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını söyləyib, öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən Vətən övladlarının hər cür hörmət və ehtirama layiq olduqlarını bildirib.

Diplomat deyib ki, həmin gün Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut edib.

Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar hüquqşünası Əzizağa Əliyev, Böyük Vətən müharibəsi veteranı, Qırğızıstanın Əməkdar inşaatçısı Əsəd Həsənov, bu ölkənin Kant Şəhər Məclisinin deputatı Rəhim Rəhimov, Əməkdar həkim, Qırğız-Rus Slavyan Universitetinin kafedra müdiri professor Zakir Qəmərli, Bişkekdəki 44 nömrəli orta məktəbin direktoru Flora Xəlilova və başqaları Azərbaycanın keçmiş SSRİ-də müstəqillik uğrunda mücadilə aparan ilk dövlətlərdən biri olduğunu bildiriblər. Onlar sovet ordusunun Bakıda və ölkəmizin digər ərazilərindəki vəhşiliklərindən danışıb, bu qanlı faciənin bilavasitə Mixail Qorbaçov tərəfindən törədildiyini diqqətə çatdırıblar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.