MƏDƏNİYYƏT


Bişkekdə Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Bişkek, 9 fevral, AZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi və qala konsert keçirib.

Yubiley gecəsində Qırğızıstan hökumətinin üzvləri, deputatlar, xarici dövlətlərin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, görkəmli ziyalılar, elm, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyətin təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Teatrın direktoru, Qırğızıstanın Əməkdar Mədəniyyət Xadimi Bolotbek Osmonov tədbiri açaraq dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğızıstanda da çox sevildiyini bildirib, salonun dolu olmasını Qara Qarayevə məhəbbətin göstəricisi kimi qiymətləndirib.

Mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova Qara Qarayev sənətinin özünəməxsus xüsusiyyətlərindən danışıb, böyük bəstəkarın Qırğızıstanda da istedadlı tələbələrinin olduğunu bildirib.

Sonra Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il oktyabr ayının 17-də imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, böyük bəstəkarın 100 illiyi Azərbaycanda və onun hüdudlarından kənarda qeyd olunur.

Səfir son illərdə həm Azərbaycanda, həm də Qırğızıstanda bir çox mühüm tədbirlərin keçirildiyini qeyd edib, ölkələrimiz arasında əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu vurğulayıb. O, belə tədbirlərin təşkil olunmasının iki qardaş xalqı daha da yaxınlaşdırdığını bildirib.

Səfir bu il yanvar ayının 19-da Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu, dövlət başçılarının bir-birinə təbrik məktubları göndərdiklərini diqqətə çatdırıb.

Qala konsertdə Qırğızıstanın Əməkdar artistləri Asel Bekbayeva, Bakıt Ibıkeyev, teatrın solisti Almaz İstambayev, Azərbaycanın Xalq Artisti Azər Zeynalov, Əməkdar Artist Afaq Abbasova iştirak ediblər. Konserti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Xalq Artist Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qırğızıstanın A.Cumaxmatov adına Akademik Simfonik Orkestri müşayiət edib. Konsertin baş rejissoru İskender Saatbayev olub.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.