CƏMİYYƏT


Bişkekdə TürkPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası olub

Bişkek, 14 sentyabr, АZƏRTAC

Bişkekdə Qırğızıstan Joqorku Keneşinin (parlament) ev sahibliyi ilə Türkdilli Ölkələri Parlament Assambleyası (TürkPA) Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinin əsas mövzusu “Genetik Modofikasiya Olunmuş Orqanizmlər- Genetik Modofikasiya Olunmuş Orqanizmlərin yayılmasının təsirləri” olub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər iştirak edib.

Toplantıya TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov başçılıq edib.

Ə.Əmiraslanov çıxışında bu məsələ ilə bağlı üzv ölkələrdəki vəziyyət və görülən işlər haqqında məlumatın verib. O, bu il aprelin 16-da İstanbulda komissiya çərçivəsində “Geni dəyişdirilmiş orqanizmlər: Qanunvericilik və təcrübə” adlı seminarın əhəmiyyətini vurğulayıb. Daha sonra o qeyd edib ki, TürkPA-ya üzv ölkələr florasının zənginliyi ilə fərqlənir və bir çox kənd təsərrüfatı bitkilərinin yabanı əcdadları bu ölkələrdə bitir. Buna görə də, qanunvericilik sistemimizi yaxşılaşdırmaqla, bu zəngin bioloji müxtəlifliyi qoruyub saxlamaq və elmin əldə etdiyi nailiyyətlərdən faydalanmaq lazımdır.

Ə.Əmiraslanov vurğulayıb ki, bu baxımdan Komissiya üçün bu mövzuda iclasın keçirilməsi, hazırkı vəziyyətin araşdırılması, qanunvericilikdə mövcud olan boşluqların təhlil edilməsi və üzv ölkələr arasında müsbət təcrübənin yayılması vacibdir.

TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker iclasın əsas hesabat məruzəsi layihəsini təqdim edib.

Komissiyanın katibi Emin Həsənov bu il aprelin Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində İstanbulda keçirilən “Geni Dəyişdirilmiş Orqanizmlər və Tullantıların İdarə Olunması: Qanunvericilik və Təcrübə” seminarlarının yekun hesabat layihələrini təqdim edib.

Parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün üzv ölkələrdə olan potensialı müzakirə edib və arzuolunmaz nəticələrdən yan keçmək üçün bütün bu məsələlərin nəzarət altında həyata keçirilməli olduğunu vurğulayıblar.

Komissiya Türkiyədə keçirilməsi nəzərdə tutulan TürkPA-nın 8-ci plenar iclasına təqdim ediləcək məsələ ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını, eləcə də İstanbulda keçirilən seminarların yekun hesabat layihələrini təsdiq edib. Komissiyanın növbəti beşinci iclasının Türkiyədə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.