HEYDƏR ƏLİYEV - 100
Bişkekdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə konfrans təşkil edilib







Bakı, 6 iyun, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkek şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitənin dəstəyi və “Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin, Qırğızıstan Xalqlar Assambleyasının, yerli hökumətin və ictimaiyyətin, türk, qazax, özbək, uyğur, tacik, çeçen diasporlarının nümayəndələri, Qırğızıstan və Qazaxıstanda yaşayan soydaşlarımız iştirak ediblər.
Qırğızıstan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir iştirakçılarını salamlayan birliyin sədri Xansıvar Baxşəliyev xalqımızın və türk dünyasının dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycan tarixində müstəsna rolu barədə danışıb.
Konfransda çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan Xalqlar Assambleyasının sədri Almanbet Matubraimov, Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin millətlərarası münasibətlər idarəsinin rəisi İskəndər Eşimbekov, Qırğızıstan parlamentinin eks-spikeri, tarix elmləri doktoru, professor Zaynidin Kurmanov, “Azəri” ictimai birliyinin fəxri prezidenti, Qırğızıstanın Əməkdar həkimi Akif Alaferdov və başqaları Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əldə olunması, möhkəmləndirilməsi, dinamik inkişafı naminə həyata keçirdiyi misilsiz və əvəzsiz xidmətləri diqqətə çatdırıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotosərgi təqdim edilib.