QAN YADDAŞI
Bişkekdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib
Bişkek, 24 fevral, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndələri, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bu ölkədəki səfirləri, digər diplomatik və beynəlxalq nümayəndəliklərin təmsilçiləri, ziyalılar, bu ölkədə işləyən həmvətənlərimiz və diasporumuzun fəalları iştirak ediblər.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirin iştirakçıları əvvəlcə Xocalı soyqırımını əks etdirən kitab və fotolardan ibarət sərgi ilə tanış olublar. Həmçinin iştirakçılara Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabının səfirlik tərəfindən qırğız və rus dillərində çap olunmuş nüsxələri təqdim edilib.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya ədalət” adlı sənədli film nümayiş olunub, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bişkekdə fəaliyyət göstərən İmam Əli məscidinin axundu Hacı İlqar Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuyub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələri ilə bir sırada durur. Səfir 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokadaya saldıqları Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini, dinc əhalini amansızlıqla qətlə yetirdiklərini, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi tarixə düşdüyünü qeyd edib.
Diplomat bildirib ki, Xocalı soyqırımı barədə dolğun məlumatı dünya ictimaiyyətinə çatdırmaq, faciə qurbanlarının xatirəsini anmaq, erməni faşizmini və vandalizmini ifşa etmək Xocalıdakı kimi qırğınların dünyanın heç bir yerində bir daha baş verməsinin qarşısının alınması üçün vacibdir.
Səfir erməni faşistlərinin Xocalıda törətdikləri vəhşiliklərin cavabsız qalmayaçağını, tarixin məhkəməsinin qaçılmaz olduğunu vurğulayıb. Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən siyasəti və idarəçiliyi ilə öz torpaqlarını işğaldan azad ediləcəyinə, ermənilərin layiqli cavablarını alacaqlarına, Qarabağın Azərbaycanın ağrılı yerinə deyil, tarixi qələbə və qürur mənbəyinə çevriləcəyinə əminliyini ifadə edib.
Diplomat azərbaycanlıların zaman-zaman erməni terroruna məruz qaldıqlarını, lakin bu cinayətlərin həmin dövrün hakim dairələri tərəfindən ört-basdır edildiyini, ermənilərin törətdikləri 1918-ci il qırğınlarının təhqiqatının ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirildiyini, lakin AXC-nin devrilməsi ilə bu araşdırmaların başa çatdırılmadığını və gizlədildiyini bildirib.
Səfir qeyd edib ki, şübhəsiz Ermənistanın və erməni diasporunun məqsədlərindən biri 1905 və 1918-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətini, eləcə də 1992-ci ildə Xocalıda soyqırımı törətdiklərini gizlətməkdir.
Hidayət Orucov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının keçirildiyini vurğulayıb, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlər barədə məlumat verib.
Türkiyənin bu ölkədəki səfiri Çingiz Kamil Fırat çıxışında filmə baxdıqları zaman son dövrün ən böyük faciəsinin bir daha yaşandığını vurğulayıb, bunu törədənlərin hələ də cəzasız qalmasında Azərbaycan və Türkiyənin deyil, Xocalı üçün ədalətin bərpa olunmasının bütün türk dünyasının istəyi olması zəruriliyini vurğulayıb. O, cinayətkarların cəzalarını alacaqlarına və Türkiyənin sonadək Azərbaycanın yanında olacağına əminliyini bildirib.
Qırğızıstanın Xalq Yazıçısı Mar Bayciyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xüsusi olaraq yaradıldığı bildirib. O, Qırğızıstanda da iki xalq arasında yaranan münaqişənin səbəbinin üçüncü tərəfin müdaxiləsi nəticəsində baş verməsinə dair sübutlarının olduğunu vurğulayıb. Xalq yazıçısı Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətlə həll edilməsini arzulayıb.
Qırğızıstanın Xalq Şairi Omor Sultanov çıxışında sənədli filmə baxan zaman onda Bakıda qaçqınlarla görüşü ilə bağlı ağır xatirələr oyatdığını, Ermənistan rəhbərliyinin siyasətini insanın bilərəkdən şüşə qırıntıları udmasına bənzədib və bunun öz nəticəsini verəcəyini şübhəsiz olduğunu deyib.
Qırğızıstanın Qadınlar Konqresinin prezidenti Zamira Aqbaqışeva ölkə qadınlarının Azərbaycanın dərdinə şərik olduğunu, Dağlıq Qarabağ münaqişəsinin iki ölkənin deyil, bütün dünyanın problemi olduğunu bildirib. Zamira Aqbaqışeva söyləyib ki, münaqişələr dünya dövlətləri səviyyəsində həll edilməli və dünyada uşaqların qətlinə son qoyulmalıdır.
Bişkek şəhərinin 45 nömrəli məktəbinin direktoru Flora Xəlilova və digərləri Xocalı soyqırımı barədə informasiyanın geniş təbliğ edilməsinin, xarici ölkələrdə faciəyə həsr olunan abidələrin ucaldılmasının, Azərbaycanın haqq səsinin bütün dünyada yayılmasının vacibliyinə toxunublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek