QAN YADDAŞI
Bişkekdə keçirilən anım mərasimində Qanlı Yanvar faciəsinin dəhşətlərindən söhbət açılıb
Bişkek, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qırğızıstan hökumətinin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının rektorları, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirin əvvəlində qonaqlar səfirliyin foyesində 20 Yanvar faciəsindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitablardan və fotolardan ibarət sərgi ilə tanış olublar, onlara bu haqda məlumatlar toplusu təqdim edilib.
Anım tədbirində Azərbaycanın CBC televiziya kanalının rus dilində çəkdiyi, 20 Yanvar faciəsindən bəhs edən “Qara Yanvar” adlı sənədli film göstərilib.
Sonra 20 Yanvar şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, 20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən vandalizm nümunəsidir. 28 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilərək, xüsusi qəddarlıq və görünməmiş vəhşiliklər törədib. Nəticədə 147 insan qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər əsassız olaraq həbs edilib.
Səfir ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə getdiyini və bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyini söyləyib.
Hidayət Orucov 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı faciə ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını bildirib. O deyib ki, öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının bu addımı, sözün əsl mənasında, qəhrəmanlıq nümunəsidir.
Diplomat deyib ki, həmin gün Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərdi, hətta şəhid vermək əzmini də bütün dünyaya nümayiş etdirdi.
Türkiyənin Qırğızıstandakı səfiri Cengiz Kamil Fırat hələ bir həftədir səfir təyin olunduğunu, dost və qardaş Azərbaycan xalqının bu hüznlü günündə yanında olmağı özünə borc bildiyini söyləyib. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib. Səfir Yanvar hadisələrini törədənlərin gec-tez öz layiqli cəzalarını alacaqlarına ümid etdiyini vurğulayıb.
Türkiyə səfiri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən söz açıb, ölkəsinin torpaqların geri qaytarılması üçün Azərbaycanın haqlı mövqeyini bundan sonra da dəstəkləyəcəyini vurğulayıb, dünyanın da buna etinasız qalmayacağına ümid etdiyini bildirib.
Bişkekdəki “Azəri” İctimai Birliyinin sədri, Qırğızıstanın Əməkdar Hüquqşünası Əzizağa Əliyev, Qırğızıstan Prezidenti yanında Əfv Komissiyasının üzvü Aydın Alaferdov, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, “Lina” şirkətinin direktoru Qiyas Xəlilov, Qırğızıstan Milli Universitetinin müəllimi Anar Qasımov və başqaları Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri arasında müstəqillik üçün mübarizə aparan ilk dövlətlərdən biri olduğunu, sovet rəhbərliyinin öz əhalisinin qırılmasına göz yummasının onun qeyri-konstruktiv mövqeyinin, satqın siyasətinin bariz sübutu olduğunu bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek