CƏMİYYƏT
Bişkekdə təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Qırğızıstanın Azərbaycandakı səfirliyində anılıb VİDEO
Bakı, 17 yanvar, AZƏRTAC
Bişkekdə yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinin yad edilməsi üçün Qırğızıstanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 17-də Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov səfirliyə gələrək Azərbaycan hökuməti adından başsağlığı verib, kitaba ürək sözlərini yazıb.
Qırğızıstanın Azərbaycandakı səfiri Aycikit Buranov qırğız xalqının kədərinə şərik olduğu üçün Azərbaycan xalqına və ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, Azərbaycan xalqının həmişə Qırğızıstan xalqının yanında olduğunu söyləyib.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri də səfirliyə gələrək başsağlığı verirlər.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Almazbek Atambayev baş vermiş faciə ilə əlaqədar yanvarın 17-ni ölkədə matəm günü elan edib.