SİYASƏT
Bişkekdə ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Bişkek, 10 may, АZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin, “Mərkəzi Asiyanın Tərəqqipərvər Azərbaycanlıları Birliyi”nin rəhbərləri, üzvləri və mətbuat nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin səfirliyin binasındakı büstü önünə gül dəstələri düzülüb, xatirəsi yad olunub.
Ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, xalqımızı zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq aləmdəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən ətraflı danışıb.
L.Qəndilov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən vaxtilə düzgün müəyyənləşdirilmiş enerji və nəqliyyat strategiyası bu gün Azərbaycanı dünya iqtisadiyyatına inteqrasiya edib. Azərbaycan Avrasiya məkanında mühüm layihələrin icrası ilə yanaşı həm də layihələrin maliyyələşdirilməsində mühüm rol oynayır. Post-müharibə dövründə ölkəmiz yenidən layiqli sülh missiyasını davam etdirərək Şərq-Qərb, Şimal-Cənub istiqamətində dünya iqtisadiyyatı baxımından yeni, mühüm nəqliyyat layihəsini həyata keçirmək təşəbbüsü ilə çıxış edib. Bu da bölgə ölkələrinin inkişafına və sülhün təmin edilməsinə imkan yaradır.
Səfir, Ulu Öndərin mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan söz açıb.
Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
L.Qəndilovun Ulu Öndərin həyat və fəaliyyəti, onun ölkəmizin inkişafındakı misilsiz xidmətləri ilə bağlı “Вечерний Бишкек” qəzetində və “Kabar” Milli İnformasiya Agentliyində müsahibəsi dərc olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek