REGİONLAR


Bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün bioloji mübarizə üsulunun geniş tətbiqinə başlanacaq

Abşeron Rayonlararası Bioloji Laboratoriyasında bioloji üsullar tətbiq edilir

Abşeron, 18 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi bitkilərin becərilməsi prosesinin modelləşdirilməsi və optimallaşdırılması üsullarının yaradılmasına, bitkiləri zərərli orqanizmlərdən qorumaq üsullarının təkmilləşdirilməsinə xüsusi önəm verir. Nazirliyin Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən Rayonlararası Bioloji Laboratoriyasında son zamanlar bu istiqamətdə önəmli, təcrübədən keçmiş bioloji üsullar tətbiq edilir.

AZƏRTAC xəbər verir ki, aprelin 18–də bir qrup media nümayəndəsi laboratoriyanın fəaliyyəti ilə yaxından tanış olub.

Laboratoriyanın müdiri Mehrəli Mehrəliyev jurnalistlərə kənd təsərrüfatı bitkiləri zərərvericilərinə qarşı aparılan mübarizə üsulları barədə ətraflı məlumat verib. O, kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı müasir dövrdə müxtəlif mübarizə üsullarından istifadə edildiyini bildirib. Diqqətə çatdırılıb ki, Abşeron Rayonlararası Bioloji Laboratoriyası 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli bioloji mübarizə üsulu kimi qəbul olunan trixoqrammanın istehsalını bərpa edib. “Bu bioloji mübarizə üsulu canlılar arasında gedən mübarizəyə əsaslanır”, - deyən laboratoriya rəhbəri media nümayəndələrinə trixoqrammanın yaranma prosesini göstərib.

Trixoqramma 0,5-0,8 millimetrlik həşəratdır. Zərərverici həşəratların yumurtaları ilə qidalanır. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində bu həşəratların böyük rolunun olduğunu bildirən M.Məhrəliyev Abşeron Rayonlararası Bioloji Laboratoriyasında istehsal edilən trixoqramma ilə 2015-ci ildən bəri İmişli, Beyləqan, Kürdəmir və Ağdam rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizə aparıldığını və uğurlu nəticələr əldə edildiyini diqqətə çatdırıb. Həmçinin həmin rayonlarda sahələrdə sovkanın yumurtadan çıxan tırtılına qarşı habrobrako ilə də bioloji mübarizə aparılıb və səmərəli nəticə alınıb.

Mehrəli Mehrəliyev, həmçinin qeyd edib ki, Abşeron Rayonlararası Bioloji Laboratoriyası yaxın gələcəkdə ölkə ərazisində bioloji mübarizə üsulunun geniş tətbiqinə başlayacaq və tixoqramma fermerlərə ilk olaraq pulsuz paylanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.