İQTİSADİYYAT
Biz “Caspian Oil and Gas” sərgisində yeni eksponatlarla çıxış edirik
Bakı, 6 iyun (AZƏRTAC). Biz hər il “Caspian Oil and Gas” sərgisində yeni eksponatlar və stend dizaynı ilə çıxış edirik. Şirkətimizin uğur, peşəkarlıq və səriştəsini sübut etməyə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda XX yubiley Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinin (“Caspian Oil and Gas”) iştirakçısı olan “Caspian Pipe Coatings” şirkətinin icraçı direktoru Azər İsayev söyləmişdir.
O demişdir: “On ildir Azərbaycan bazarında fəaliyyət göstərən şirkətimizin əsas təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). Biz daim öz müştərilərimizə məsuliyyətlə yanaşırıq və təbii ki, nəticə də ən yüksək səviyyədədir. Bizim sifarişçilərimiz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) operatoru olan bp və ARDNŞ-dir. Biz borulara korroziya əleyhinə polietilen və ya polipropilen örtük çəkməklə, eləcə də izolyasiyanı möhkəmlətmək üçün boruları beton örtük vasitəsilə ağırlaşdırmaqla, neft-qaz boru kəmərlərinin izolyasiyası üzrə xidmətlər təklif edirik. bp şirkətinin sifarişi ilə yerinə yetirdiyimiz ən son layihələr “Çıraq” və “Şahdəniz-1” yataqları olmuşdur. ARDNŞ üçün isə biz “Neft daşları”, “Bahar”, “Bahar-Hövsan” və “Ümid” layihələri çərçivəsində xidmətlər göstərmişik. Sərgi bizə potensial istehlakçılarla ünsiyyət qurmağa, yerli və regional müstəvidə yeni sifarişçilər tapmağa imkanı yaradır”.
A.İsayev bu qəbildən olan mühüm tədbirləri, eləcə də yubiley sərgisini həyata keçirdikləri üçün təşkilatçılara minnətdarlığını bildirmişdir.