ELM VƏ TƏHSİL


“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn dəyirmi masa keçirilib VİDEO

Bakı, 2 iyun, AZƏRTAC 

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn dəyirmi masa keçirilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.

Tədbir Təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakçılara videomüraciəti ilə başlayıb. Firudin Qurbanov videomüraciətində müasir dövrdə hadisələrin tez-tez dəyişdiyini və bunun həyatın bütün sferaları üçün yeni tələblər diktə etdiyini, uşaqların buna hazırlıqlı olmalarının vacibliyini bildirib. Nazir müavini Azərbaycanda uşaq və gənclərin gələcək hərtərəfli inkişafına, uşaqların müdafiəsinə, onların potensialının stimullaşdırılmasına xüsusi diqqət yetirildiyini, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir sıra dövlət proqramlarının təsdiq edildiyini və hazırda onların uğurla yerinə yetirildiyini vurğulayıb.

Qeyd edilib ki, uşaq və gənclərin hərtərəfli inkişafına yönələn tədbirlərin gücləndirilməsi və istedadlı uşaqların potensialının dəstəklənməsinin dövlət siyasəti səviyyəsində qəbul edilməsi dövlət qayğısının bariz nümunəsidir. Firudin Qurbanov buna müvafiq olaraq istedadlı uşaqların üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq və fiziki imkanlarının inkişaf etdirilməsi məqsədilə ənənəvi olaraq hər il Təhsil Nazirliyi tərəfindən bir sıra ölkə və beynəlxalq səviyyəli müsabiqə, yarış, festival, dəyirmi masa və digər tədbirlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini “Biz birlikdə güclüyük!” məktəblilərarası beynəlxalq onlayn dəyirmi masanın keçirilməsində əsas məqsədin pandemiya dövründə müxtəlif ölkələrdə uşaqların asudə vaxtlarının və məsafədən təhsilin səmərəli formada təşkil edilməsinin təmin olunması, eyni zamanda, uşaqlar arasında dostluq münasibətlərinin qurulmasından ibarət olduğunu qeyd edib.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən dəyirmi masada Azərbaycan məktəbliləri ilə yanaşı, 15-ə yaxın ölkənin məktəblilərinin iştirak etdiyini vurğulayan nazir müavini tədbirdə aparılacaq müzakirə və fikir mübadiləsinin müasir dövrdə uşaqların hərtərəfli inkişafına, faydalı təcrübənin öyrənilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin dünya uşaqlarına təbrik videoçarxı nümayiş olunub.

Vurğulanıb ki, ABŞ, Belarus, BƏƏ, Qətər, Koreya, Qazaxıstan, Türkiyə, Moldova, Gürcüstan, İspaniya, Qırğızıstan, Rusiya Federasiyası, Fransa, İsveç, Finlandiya, Tailand və Myanmadan 30-dan artıq məktəblinin iştirak etdiyi onlayn dəyirmi masada pandemiya dövründə onlayn təhsil və asudə vaxtın təşkili məsələləri müzakirə edilib, sonda isə iştirakçılar tərəfindən dünya uşaqlarına təbrik və arzular ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.