ELM VƏ TƏHSİL
“Biz birlikdə güclüyük” layihəsi uğurla reallaşdırılır
Bakı, 21 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib seçilən “Biz birlikdə güclüyük” layihəsi uğurla icra edilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri Qazax şəhər İ.Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimi Tahirə Xasməmmədovadır. Qazax şəhəri və eləcə də kənd məktəblərinin sağlamlıq imkanları məhdud olan şagirdlərini, dil klubu üzvlərini əhatə edən layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların normal insanlar kimi bilik və bacarıqlara yiyələnmələri zərurətini dərk etdirməkdir. Həmçinin həmin uşaqların peşə seçimlərinə uyğun dil bacarıqlarını formalaşdırmaq, onlara müasir innovasiyalardan məqsədli və səmərəli istifadəni çevik mənimsətmək, beynəlxalq inkişaf konsepsiyasına uyğun insan kapitalı potensialının inkişafına nail olmaqdır.
Artıq hazırlıq mərhələsinin başa çatdığı layihə çərçivəsində psixoloqlarla görüşlər keçirilib, sənaye müəssisələrinə turlar təşkil edilib, rayonun bütün məktəblərində fərdi təhsilə cəlb olunmuş şagirdlərlə görüşlər keçirilib.
Layihə çərçivəsində sentyabrın 22-də T.Xasməmmədovanın “İmkanlar sərhəd tanımır” kitabının təqdimatı olacaq. “Bu dünya hamımızındır” şüarı ilə icra edilən layihənin sentyabrın sonlarında yekunlaşacağı nəzərdə tutulub.