REGİONLAR
“Biz dövlətimizdən də, Prezidentimizdən də çox razıyıq” - Füzulidən reportaj VİDEO
Füzuli, 28 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsi zamanı erməni təxribatına məruz qalan rayonlardan biri də Füzulidir. Düşmən tərəfindən dinc əhali yaşayan ərazilərin atəşə tutulması zamanı onlarla ev, sosial obyekt dağıdıldı. Hazırda həmin evlərin tikinti və bərpası həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, müharibə zamanı 11 rayonda erməni faşizminə məruz qalan ərazilərin bərpasına başlanılıb. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikinti-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.
Füzuli rayonunda Horadiz şəhəri ilə yanaşı, 14 kənddə 360-dan çox dağıntı qeydə alınıb. Bunlardan 354 evin təmir-bərpası, 12 evin isə yenidən tikilməsi nəzərdə tutulub. Həmçinin dağıntı qeydə alınan bir inzibati binada da tikinti işləri aparılacaq.
Müharibə dövründə evləri ziyan görən ailələr atılan bu addımları müsbət qiymətləndirirək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Ermənilərin dinc sakinləri atəşə tutması nəticəsində evi yerlə-yeksan olan Horadiz şəhər sakini Bağdagül Abbasova deyib: “Raketlər, top mərmiləri atsalar da, biz müzəffər ordumuza güvənərək öz yerimizi, öz doğma yurdumuzu tərk etmədik. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbə sevincini bizlərə bəxş etdi. Müharibə ərəfəsində dağılan evlərimiz də hazırda yenidən tikilir və biz bu diqqət qayğıya görə Prezidentimizə təşəkkür edirik”.
Erməni təxribatı zamanı yaşayış evi tamamilə dağılan sakinlərdən biri də Möhrab Məmmədovdur. Müsahibimiz deyir ki, müharibə vaxtı məğlub duruma düşən ermənilər qisasını dinc əhalidən alırdı. “Onlar Azərbaycan Ordusunun qarşısında məğlub olublar. Vətən müharibəsi ərəfəsində də ermənilər geri çəkilməyə məcbur olduqları üçün dinc sakinləri hədəf seçdilər. Bizləri qorxutmağa çalışsalar da, buna nail ola bilmədilər və zəfər yürüşümüz qalibiyyətlə nəticələndi. Ermənilər ərazilərimizdən çıxarıldı, sərhədlərimiz bərpa olundu və bu yerlər artıq tam təhlükəsizdir. Artıq evlərimiz dövlətimiz tərəfindən inşa edilir. Biz dövlətimizdən də, Prezidentimizdən də çox razıyıq”.