MƏDƏNİYYƏT
Biz dövlətimizin “evdə qal” təşəbbüsündən maksimum faydalanmalıyıq
Bakı, 9 aprel, AZƏRTAC
Ta qədimdən tərki dünya olub yaradıcı adamlar. Onların həmsöhbəti qələm, söz, kitab olub. Yazıb-yaradıblar və bu günümüzə qədər gəlib çıxıblar. Peyğəmbər əleyhüssəlam da Allahla razu-niyaz eləmək üçün tənhalığa çəkilib. Deyirlər böyük söz xiridarı Nizami də Gəncədən kənara çıxmayıb. Bu gün Nizami bizim müasirimiz deyilmi?!
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə telefon danışığında şair, nasir Qəşəm İsabəyli söyləyib.
O, karantin günlərində öz yaşam tərzi haqqında məlumat verərək deyib: Biz də bu günün sadə vətəndaşları, qələm adamları, elm adamları, ahıllı-cahıllı hər kəs fars demiş, guşənişinik, bir az da uzağa getsək, yəni “ev dustağı”yıq. Amma bu “dustaqlıq” insanı qorxulu düşməndən hifz eləmək üçün tətbiq edilib. Özü də çox vacib, alqışlanmalı və təqdirediləsi tədbirdi! O düşmən ki, nağıllarda oxuduğumuz kimi, gözəgörünməzdi, özü də namərddir. Bu namərd insanların sevər yerindən – boğazından yapışır və onu yıxır.
Biz dövlətimizin “evdə qal” təşəbbüsündən maksimum faydalanmalıyıq. Mən şəxsən mütaliə edirəm, yazılarımı yazıram, uşaqlar üçün yaradıcılığımı davam etdirirəm. “Evdə qal”a qədər boş vaxtım olan kimi minirdim maşına, çıxırdım şəhərə, həm vaxtımı səpirdim yollara, həm də benzin israf edirdim. İndi fikirləşirəm ki, ömür yarıdan keçib, bu qalan zamanımdan səmərəli istifadə etməliyəm! Bu tədbir mütləq insanı dəyişəcək, onun həyatına yeni rənglər, yeni çalarlar gətirəcək. Yaşasın “evdə qal!”