MƏDƏNİYYƏT
Biz əllərimizin hərarətini gətirmişik

Bakı, 26 noyabr, Salihə Əliyeva, AZƏRTAC
Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində Mərkəzi Avropa Beynəlxalq Mədəni Siyasət Platformasının təqdim etdiyi “Hot & Cold” (“İsti və soyuq”) adlı müasir şüşə və çini məmulatlar sərgisi açılıb.
Çexiya Respublikasının Azərbaycandakı səfiri Viteslav Pivonka AZƏRTAC-ın müxbiri ilə müsahibəsində qeyd edib ki, ekspozisiyada 5 Avropa ölkəsinin bir neçə studiyasının işləri, o cümlədən Avstriya, Çexiya, Macarıstan, Polşa və Slovakiya şirkətlərinin məşhur brendləri nümayiş etdirilir.
Şüşə və çini Avropaya xas materiallar olmasa da, burada onların emalı işini elə ustalıqla mənimsəyiblər ki, bu məmulatlar Avropanın mədəni rəmzinə çevrilib. Əlbəttə, hər bir ölkənin incəsənətində əks olunan öz xüsusiyyətləri var.
Diplomat iştirakçı ölkələrin yüksək rütbəli diplomatlarının açılışına gəldikləri sərginin təşkilinə kömək göstərdiyinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
V.Pivonka deyib: “Qonaqların çoxu Bakıya ilk dəfə gəlib. Paytaxtınızın gözəlliyi və insanların qonaqpərvərliyi onları heyran edib.
Bu sərgi əsas məqsədi Avropanın hüdudlarından kənarda informasiya yaymaqdan və mədəniyyət haqqında məlumatlılığı artırmaqdan ibarət olan Mərkəzi Avropa Beynəlxalq Mədəni Siyasət Platforması çərçivəsində təşkil edilib. Biz müxtəlif mədəniyyət layihələrinin həyata keçirilməsi yolu ilə Mərkəzi Avropanın ümumi mədəniyyət oxşarlığını vurğulamağa çalışırıq.
Birgə mədəniyyət layihələri ildə iki dəfə həyata keçirilir. Platforma yarandığı vaxtdan bütün dünyada 50-dən çox layihə təqdim edib. Mən Bakıda belə bir sərginin keçirilməsini çox arzulayırdım. Biz Mərkəzi Avropanın beş ölkəsindən – Çexiya, Avstriya, Macarıstan, Polşa və Slovakiyadan şüşə və çini məmulatlar gətirmişik. Bunlar əsl incəsənət nümunələridir, əl işləri sənətkarlarımızın əllərinin hərarəti və enerjisidir.
Biz burada potensial alıcılar tapmaq istəyirik, bakılıları bizə qonaq gəlməyə çağırırıq. Sizə göstəriləsi işlərimiz çoxdur”.