REGİONLAR
“Bizə qoşul və xilas et!” layihəsi uğurla başa çatıb
Ağsu, 16 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsinin başa çatması ilə əlaqədar Microsoft TEAMS proqramı vasitəsilə onlayn formatda yekun hesabat görüşü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hesabat görüşündə Ağsu rayonunun ümumtəhsil məktəblərində təhsil alan 50 nəfərdən çox şagird və müəllim iştirak edib. Layihə rəhbəri Kəndoba kənd tam orta məktəbin müəllimi Ziba Məmmədova layihənin məqsədi və bu çərçivədə görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Görüşdə təşkil olunan maarifləndirici seminarlardan, müsabiqələrdən danışılaraq “Bizə qoşul və xilas et!” layihəsinin əsas məqsədinin gənclərə erkən evliliyin fəsadları barədə və onun aradan qaldırılması haqqında bilgilər vermək olduğu, bu sahədə diqqətəlayiq nəticələrin əldə edildiyi vurğulanıb.
Onlayn görüşdə iştirak edən müəllimlər və məktəblilər yekun hesabatın müzakirəsi zamanı layihənin uğurlu nəticələrindən söz açıblar.
Tədbirdə iştirak edən “Ailə xilaskarları” könüllü klubunun üzvləri tərəfindən hazırlanan videoçarx və təqdimatlar nümayiş olunub.