CƏMİYYƏT


“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Bakı, 27 noyabr, AZƏRTAC

IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

Noyabrın 26-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 17-17a ünvanında 1200 nəfərə yaxın sakinin məskunlaşdığı binaları əhatə edir.

IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan və 15 000 m² olan həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 120 m² ərazidə uşaq oyun elementləri, 200 m² - mini futbol, 140 m² - idman-fitnes və 100 m² - şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğul olmaq refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ədəd ağac və kol əkilmiş, 2000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Qeyd edək ki, “Bizim həyət” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir. Nəsimi rayonunda sakinlərin istifadəsinə verilən bu həyət layihə çərçivəsində abadlaşdırılan səkkizinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.